Generalın həbsinin səbəbi BİLİNDİ

 19:24 22.06.2022     534

"Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun nədə ittiham olduğu məlum olub.

Redaktor.az xəbər verir ki, gömrük generalı külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 mindən çox rüşvət aldığı bildirilir.

Qeyd edək ki, "Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ehtiram Xəlilov 5 iyun 1965-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olub. O, 1992-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib və 1997-ci ildən Gömrük orqanlarında xidmət göstərir.

Gömrük orqanlarında 25 illik fəaliyyəti müddətində Xəlilov aşağıdakı vəzifələrdə çalışıb:

1. 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və Gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru vəzifələrində;

2. 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi vəzifələrində;

3. 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi;

4. 2013-2018-ci illərdə Aksiz Baş Gömrük idarəsinin rəisi;

5. 2018-ci ildən Azərterminalkompleks birliyinin direktoru vəzifəsini icra edib.

Bizim.Media-nın araşdırması nəticəsində isə məlum olub ki, DGK-dakı fəaliyyəti dönəmində Ehtiram Xəlilov heç də müsbət reputasiya yarada bilməyib.

Belə ki, dövri mətbuatda E. Xəlilovun DGK-nın “qara kassa”sı olduğu ilə bağlı iddialar mövcuddur. Bundan əlavə, saxlanılan generalın Aksiz Gömrük Baş İdarəsinə rəhbərlik etdiyi dövrlərdəki fəaliyyəti ilə bağlı şübhəli məqamlar daha çoxdur. Qeyd olunur ki, aksizsiz malları ölkəyə gətirən şəbəkəyə müvafiq dövrdə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilov rəhbərlik edib.

Onun hətta özünəməxsus “TIR”larının olduğu və həmin nəqliyyat vasitələrinin heç bir maneə ilə üzləşmədən aksizsiz malları gömrük-keçid məntəqələrindən keçirdiyi məlumatlar arasındadır.

Ehtiram Xəlilovun bu cür fəaliyyətləri sayəsində böyük maliyyə resursları yaranıb.

İddia edilir ki, saxlanılan idarə rəisi hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib.

Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. Lakin tərəflər satışla bağlı qiymətlər məsələsində razılığa gələ bilməyiblər. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəni ələ keçirdiyi deyilir.

Qeyd olunan torpaq sahəsiysə “Çərəkə Turizm Mərkəzi”nin yerləşdiyi ərazidir. Hazırda da obyektə faktiki rəhbərlik edən Ehtiram Xəlilovun qudasıdır.

Generalla bağlı bir digər informasiyada isə qeyd olunub ki, general bir vaxtlar orta məktəb müəllimi olmuş atası Səyyaf Xəlilovun adını Göyçayın mərkəzində bir küçəyə qoydurmağa da nail olub. Ən maraqlı məqamlardan biri isə onun atasının məzarı üzərində hər gecə fəxri qaravulun dayanmasıdır.