700 min manatı dələduzluqla mənimsəyən qadın hakim qarşısında

 22:23 23.06.2022     183

46 vətəndaşın 700 min manatdan çox pulunu mənimsəyən Günay Məmmədovanın cinayət işi üzrə məhkəməsi başlayıb.

Redaktor.az xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılır. Hazırlıq prosesində G.Məmmədovanın anket məlumatları dəqiqləşdirilib və iş baxışa təyin olunub.

Qeyd edək ki, Günay Məmmədova çoxsaylı vətəndaş müraciətləri əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Araşdırmalarla onun vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün vəd verdiyi və bu vədin qarşılığında külli miqdarda pul aldığı üzə çıxıb.

Belə ki, o, vətəndaşlara guya agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin alınmasına kömək göstəriləcəyini deyib. Bu yolla ümumilikdə 46 nəfərdən 703 700 manat alaraq mənimsəyib.

G.Məmmədova vurduğu ziyanın 134 600 manatını istintaq dövründə ödəyib (qafqazinfo).