Göygöldə 6 nəfərin həlak olduğu qəzanın TƏFƏRRÜATI - YENİLƏNİB - FOTO

 11:40 02.07.2022     1616

Ötən gecə Göygöl rayonunda altı nəfərin həlak olduğu ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Redaktor.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan DAF markalı TIR-la toqquşub. Nəticədə minik avtomobilində olan altı nəfərin hamısı vəfat edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.

O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), üç yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.

***

İyulun 1-də saat 23 radələrində Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, nəticədə O.Hümbətov və 4 sərnişini hadisə yerində, 1 sərnişini isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

***

Göygöldə ağır avtomobil qəzası zamanı dünyasını dəyişənlərdən bəzilərinin şəxsiyyəti dəqiqləşib.

Redaktor.az report-a istinadla xəbər verir ki, “VAZ” markalı avtomobillə yük maşının toqquşması nəticəsində Samux rayonu, Sərkər kənd sakinləri Hümbətov Orxan, onun həyat yoldaşı Hümbətova Sona və onların 2 yaşlı övladları Hümbətov İbrahim dünyasını dəyişib.

Bundan başqa Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal qızı da yol qəzasında vəfat ediblər.

***

Göygöl rayonunda 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yük avtomobili ilə "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər həlak olub. Hazırda onların şəxsiyyəti dəqiqiləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

2