Külək Şabrandakı yanğını söndürməyə mane olur - YENİLƏNİB
Şabranda havanın küləkli olması yanğının söndürülməsinə mane yaradır.
Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib
Bildirilib ki, Şabran rayonu, Ağalıq kəndi ərazisində əkin sahəsində başlayan yanğın sonradan havanın küləkli olması səbəbindən meşə fondu torpağına keçib.
Hadisə yerində olan Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür:
"Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir".
***
Şabran rayonu, Ağalıq kəndində əkin sahəsində yanğın olub.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Rayon ərazisində havanın küləkli olması səbəbindən yanğının sahəsi genişlənib. Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və Şabran Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.













