Prokurorluq Tovuzdakı dəhşətli qətllə bağlı məlumat yaydı

 14:55 13.07.2022     2430

Tovuz rayon prokurorluğu rayonda baş vermiş qətllə bağlı məlumat yayıb.

Prokurorluqdan Redaktor.az-a verilən məlumata görə, iyulun 11-i saat 23 radələrində Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Nizami Vəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1983-cü il təvəllüdlü Vüsal Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Nizami Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vüsal Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir", - məlumatda deyilir.