Dələduzluq edən vəzifəli şəxs barədə cinayət işi BAŞLANDI

 14:19 15.07.2022     469

Mingəçevir Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Redaktor.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.