İcra başçısının müavininin döydüyü deyilən məktəbli xəstəxanaya YERLƏŞDİRİLDİ

 17:43 15.07.2022     889

Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın döydüyü iddia edilən 9-cu sinif şagirdi Aliyə Camalova rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Redaktor.az
xəbər verir ki, bu barədə Bizim.Media-ya məktəblinin anası Ləman Camalova məlumat verib. Onun sözlərinə görə qızın vəziyyəti bu gün səhər saatlarından etibarən ağırlaşıb:

“Başında kəskin ağrıları var, durmadan qaytarır. Xəstəxanaya gətirdik. Kompüter tomoqrafiyasına (KT) salınacaq. Qızımın döyülmə faktını təsdiq edən ekspertiza rəyi isə gizlədilir və bizə verilmir. Qızın vəziyyəti çox ağırdır”, - deyə ana əlavə edib. 

Xatırladaq ki, Lənkəran 4 saylı orta məktəbin 9-cu sinif şagirdi Aliyə Camalovanın anası Ləman camalovanın iddisına görə qızı rayon icra başçısının müavini Rasilə Əliyeva tərəfindən vəhşicəsinə döyülüb və ağır travmalar alıb. 

Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı barəsində səsləndirilən iddialarla bağlı "Sputnik Azərbaycan"-a açıqlama verib. 0, Bildirib ki, sözügedən iddialar əsassızdır:

“Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim qızımın və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm. Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim”.

İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:

“Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, guya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar”.

Qeyd edək ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran dörd saylı orta məktəbdə təhsil alır. R.Arifqızı bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar.