"Azərsun" minalı sahədə necə fəaliyyət göstərir?

Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində “Azərsun Holdinq"ə məxsus yük maşını tank əleyhinə minaya düşüb.
Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.
Maraqlıdır, görəsən, hələ də minaların təmizlənmədiyi ərazidə əkinçiliklə məşğul olmaq üçün "Azərsun"a icazəni kim verib?
Çünki ANAMA-dan (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi) Redaktor.az-a verilən məlumata görə, həmin yer minadan təmizlənməmiş təhlükəli ərazilərin siyahısındadlır..
"Bu hadisə Cəbrayıl rayonun minalardan təmizlənməmiş ərazisində baş verib”,- məlumatda qeyd olunub.
Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə əkinçilik işləri birbaşa Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin icazəsi və nəzarətində aparılır. Amma məlum olur ki, "Azərsun"un orda əkinçiliklə məşğul olmasından sözü gedən nazirliyin də xəbəri yoxdur.
Bunu saytımıza Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat katibi Vüqar Hüseynov dedi.
Onun sözlərinə görə, nazirlik tərəfindən yalnız mina təhlükəsi olmayan əkin sahələri icarəyə verilir:
“Hadisə qeyri-əkin sahəsində baş verib. Bu səbəbdən həmin ərazinin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Azərsun"a icarəyə verilməsi barədə məlumatlar əsassızdır”.
"Azərsun"dan isə minalardan təmizlənməmiş ərazilərdə əkinçiliklə məşğul olmaq üşün hansı qurumdan icazə almaları barədə məlumat ala bilmədik. Çünki nə telefon zəngimizə, nə də göndərdiyimiz sorğuya cavab vermədilər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Nərmin Vüqarqızı