Kürdəxanıda 304 nömrəli məktəbin həyətini qrunt suları basdı

 20:43 25.07.2022     436

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən 304 nömrəli məktəbin həyətini qrunt suları basıb.

Redaktor.az bu barədə "Baku TV"yə istinadən xəbər verir.

Məlumata görə, ərazidəki kanalizasiya suları məktəbin hasarı vasitəsilə təhsil müəssisəsinin həyətinə dolur. Ərazidə dəhşətli dərəcədə üfunət qoxusunun olduğu deyilir.

Sakinlər deyir ki, çirkab suları "qırmızı evlər" deyilən ərazinin kanalizasiyasından daxil olur. Məktəbin həyəti üç aya yaxındır ki bu vəziyyətdədir.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyindən bildirilib ki, vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Hazırda "Azərsu" ASC bu məsələ ilə məşğuldur.

"Sabunçu rayon Sukanal İdarəsi ilə danışdım. Ərazidən məlumatlıdırlar. Təəssüf ki orada bizim mərkəzləşdirilmiş kanalizasiya infrastrukturumuz mövcud deyil. Biz tərəfdən heç bir xidmət göstərilmir. İdarədən verilən məlumata görə, orada göldə səviyyə qalxıb, bunun hesabına çirkab suların əraziyə dağılması baş verib", - “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

İcra nümayəndəsi qeyd edib ki, qəsəbədə Pirşağı-Kürdəxanı kanalizasiya kollektoru tikilir. Problemin tezliklə həll olunması üçün lazımi tədbirlər görülür.

Qeyd edəki ki, sözügedən məktəbin açılışı mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.