Bakıda özəl klinikada ərəb turist öldü - YENİLƏNİB

 19:06 27.07.2022     1900

"Leyla Medical Center" baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi açıqlama verib.

Redaktor.az-a daxil olan açıqlamada deyilir:

"Nəzərinizə çatdırmaq istərdik ki, 26.07.2022-ci il tarixində 15:48-də Təcili Tibbi Yardım vasitəsilə mərkəzimizə digər özəl tibb müəssisələrin birində müalicə alan, lakin vəziyyəti ağırlaşan pasiyent (Səudiyyə Ərəbistan vətəndaşı Muteb Almadui Saeed) təxliyə olunub. 

Mərkəzimizə çatdırılan xəstənin vəziyyəti ilkin müayinə əsasında kəskin ağır olaraq dəyərləndirilib (huşu soporoz, dəri və selikli qişaları kəskin avazımış, tənəffüsü taxipnoe tipli, Arterial təzyiqi 34:16, ürək döyüntüləri 106). 

Mərkəzimizə köçürülən pasiyent dərhal reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinə uyğun olaraq müvafiq təyinata əsasən müalicəyə başlanılıb. 18:45-də xəstənin ürək fəaliyyəti dayanmış, aparılan bütün tibbi müdaxilələrə baxmayaraq 19:10-da isə bioloji ölüm qeydə alınıb.

"Leyla Medical Center"də baş verən bu halla bağlı aidiyyatı orqanlara məlumat verilib və lazımi tədbirlər görülüb.

***

 

Bakıda özəl klinikada ərəb turist ölüb.

Redaktor.az xəbər verir ki, hadisə "Leyla Medical Center"də baş verib.

Belə ki, "Renaissance Palace Baku" otelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib.

O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır (report.az).