Nərminin qətli ilə bağlı Tovuzda 25 evə baxış keçirilib

 18:18 27.07.2022     442

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Redaktor.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Daha sonra İlkin Süleymanovun ibtidai istintaqda dindirildiyi protokol elan olunub. Həmin vaxt şahid qismində ifadə verən İ. Süleymanov bildirib ki, küçəyə siqaret çəkməyə çıxanda evləri ilə üzbəüzdə yanğının olduğunu görüb. O, hadisə yerinə yaxınlaşıb və meyitin yandığının şahidi olub. İlkin Süleymanov hadisədən xəbərsiz olduğunu bildirib.

İlkin Süleymanovun evinə baxış keçirilərək onun paltarlarının götürülməsi də məlum olub. Evə baxış keçirilərkən heç bir şübhəli fakt aşkarlanmayıb.

Prosesdə metod aşkarlanarkən Nərminin üzərində olan paltarların siyahısı elan edilib. Yanvarın 9-da Dondar Quşçu kəndində 25 evə baxış keçirilməsi barədə sənədlər elan olunub.

İttihama görə, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə təqsirləndirilib.

O, Nərmin Quliyevanı oğurlayaraq, 47 gün sonra qətlə yetirməkdə günahlandırılır (trend).