Cəbrayılda əlləri və qolları qandallı meyit TAPILDI

 14:30 29.07.2022     454

İyulun 20-də, saat 15 radələrində Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun, Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında təxminən 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb. 

Redaktor.az xəbər verir ki, Cəbrayıl rayon prokurorluğunun məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyitin xarici müayinəsi zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdə bir hissəsində qara rəngdə üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanmış, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı rəngli köynək var.

Göstərilən əlamətlərə uyğun gələn naməlum kişi meyitinin şəxsiyyətinin müəyyən edilməsi üçün məlumatı olan vətəndaşlardan Cəbrayıl rayon prokurorluğu ilə (026 – 384 – 39 – 03; mob: 055 – 964 – 84 – 81) əlaqə saxlamaları xahiş olunur.