“Azəriqaz" rəhbəri Xırdalandakı partlayışın səbəbini AÇIQLADI

 23:59 03.08.2022     690

Xırdalanda yaşayış binasında partlayışın qaz sızmasından baş verməsi mümkündür.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

“İlkin məlumata görə, Xırdalanda yaşayış binasında partlayış zamanı xəsarət alanlardan ikisi mənzildə təmir işləri aparan ustalar olub. Lakin bu ehtimaldır. Tam məlumat araşdırmalar başa çatdıqdan sonra olacaq. Buna görə də hələlik bizdə əsaslı məlumat yoxdur”, - deyən baş direktor qeyd edib ki, binaya təbii qazın nəqli tam dayandırılıb:

“Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən birgə araşdırmalara başlanılacaq. “Azəriqaz" İstehsalat Birliyi də prosesə cəlb olunacaq. Bundan sonra ictimaiyyətə tam məlumat veriləcək”.

R.Əliyev bildirib ki, hadisənin qaz sızmasından baş verməsi mümkündür:

“Ola bilər hadisə qaz sızmasından baş versin. Çünki təmir işləri gedən zaman sakin özü mənzildə olmayıb. Evdə ustalar olub. Qonşuların və ustaların verdiyi məlumata əsasən bu ehtimal mümkündür. Mənzilin təmir edilməsi ilə bağlı “Azəriqaz" İstehsalat Birliyinə hər hansı məlumat verilməyib ki, qazın verilməsi dayandırılsın. Hər hansı müraciət daxil olmayıb”.

"Azəriqaz" rəhbəri qeyd edib ki, əlavə xəbər olsa, “Azəriqaz" İstehsalat Birliyi bu barədə ictimaiyyətə məlumat verəcək.

Vumart və Güvən reklamı Vumart Güvən