Bulvarda beş qadın nəvə, nənə və rəfiqəsini döydü - VİDEO

 17:11 04.08.2022     970

Tanınmış həkimin övladı, anası və anasının rəfiqəsi bulvarda döyülüb. 

Redaktor.az xəbər verir ki, bu barədə həkim Esmira Qurbanova yerli medialara məlumat verib. Belə ki, həkim iddia edir ki, onun anası İnna Babayeva rəfiqəsi və nəvəsi ilə birlikdə dənizkənarı bulvar ərazisində gəzərkən beş nəfər naməlum qadın onları döyüb:

“Övladım nənəsi ilə birgə gəzməyə çıxıb. Qızım bulvar ərazisində velosiped sürürdü. Həmin beş qadın isə yol ortasında dayanaraq söhbət edirdi. Həmin qadınlar kənara çəkilmədiyi üçün yoldan çıxan balaca velosipeddən yıxılıb. Anam uşağın yıxıldığını görüb və buna görə həmin qadınlara irad bildirib. Anamın iradından sonra üzr istəmək yerinə həmin qadınlar anama, övladıma və anamın rəfiqəsinə hücum çəkərək döyüblər. Hadisə yerinə post patrul əməkdaşları çağrılıb, lakin buna baxmayaraq, qadınlar polis əməkdaşlarının yanında belə əxlaqsız ifadələr səsləndirməyə davam ediblər. Mən inanıram ki, hüquq-mühafizə orqanları məsələni araşdıracaq və qanunvericilik çərçivəsində qarşı tərəf məsuliyyətə cəlb ediləcək”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev oxu.az-a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib:

“Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.