Bakıda avtobus xəttində şirkətin elektriki döyüldü - ŞİKAYƏT

 17:20 30.08.2022     477

“Vətən.AZ-Trans” MMC-nin istismarında olan 46 nömrəli avtobus xəttində elektrik kimi çalışan Elxan Sabirli iş yoldaşı tərəfindən döyülüb.

Redaktor.az xəbər verir ki, bu barədə o, oxu.az-a müraciət edib.

E.Sabirli bildirib ki, avtobus xəttinin qarajının kolon rəisi Şahin İbrahimov onu döyüb:

“Son üç-dörd gün ərzində mən həm öz yerimə, həm də digər işçinin yerinə gecə-gündüz işlədim. Şahin İbrahimov məni yenə də növbə əvəzləməsi üçün işdə saxlamaq istədi. Bildirdim ki, artıq yorulmuşam və işləyə bilmirəm. Məni döydü və bildirdi ki, hara istəyirəm, şikayət edə bilərəm”.

O qeyd edib ki, bir neçə il əvvəl də həmin şəxs tərəfindən döyülüb:

“Mən bu hadisəni anlaşılmazlıq kimi qəbul edib, ona keçmişdim”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaş E.Sabirli çalışdığı avtomobil təmiri sexində iş yoldaşı Ş.İbrahimov tərəfindən döyülməsi ilə bağlı Xətai RPİ 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib:

“Müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

“Vətən.AZ-Trans” MMC-nin rəhbəri Babək Aslanov saytımıza açıqlamasında hadisədən xəbərsiz olduğunu və üç gündən sonra Bakıya qayıdacağını bildirib.

 

İlhamə Əbülfət

Vumart və Güvən reklamı Vumart Güvən