Masallıda məktəbin həyətində sursat tapıldı
Masallı rayon Xancanov adına Musaküçə kənd tam orta məktəbinin həyətində hərbi sursat aşkar edilib.
Redaktor.az-ın əldə etdiyi məlumata görə, ANAMA-nın əməkdaşları gecə olduğuna görə həmin sursatın zərərsizləşdirilməsi sabaha qalıb. Hazırda ərazi nəzarətə götürülüb.
Məsələyə aydınlıq gətirmək üçün Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov hadisədən xəbərsiz olduğunu, yalnız sabah ətraflı məlumat verəcəyini bildirdi.
ANAMA-nın mətbuat katibi Səbinə Sərkərova da məsələdən xəbərsiz olduğunu və bu barədə sabah dəqiq məlumat verə biləcəyini dedi.
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyevanın isə telefonun zəng çatmadığından bu barədə ətraflı məlumat əldə edə bilmədik.
İLTİFAT













