Özünü yandıran qazi ev növbəsindəymiş

Xəbər verdiyimiz kimi, bu gün Vətən Müharibəsi qazisi Elnur Rüstəmov özünü yandırıb. Məlumata görə, qazi Xəzər rayonunun Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq bu addımı atıb.
Redaktor.az xəbər verir ki, "modern.az" hadisəyə aydınlıq gətirmək üçün həmin rayonun deputatı Rauf Əliyevlə əlaqə saxlamağa çalışıb. Lakin telefon zəngimizə deputatın köməkçisi Əfrasiyab Əmirov cavab verib.
O bildirib ki, qazi Elnur Rüstəmov deputata hər hansı şikayətlə müraciət etməyib:
“Qazi Elnur Rüstəmov 3-cü dərəcəli əlillik alıb. Elnur mənzil növbəsinə götürülüb. Onun qeydiyyatı Mərdəkan qəsəbəsindədir. Amma hazırda Buzovnada yaşayır. Gəlib deyib ki, məni niyə incidirsiniz, ancaq probleminin nə olduğunu söyləməyib. Yerli bələdiyyə tərəfindən həmişə ona kömək göstərilib. Bildirilib ki, prezidentin tapşırığına uyğun olaraq ilin sonunadək mənzillə təmin olunacaq”.
Qeyd edək ki, Elnur Rüstəmovun bədəninin 70 faiz hissəsi yanıb. O, Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsinə yerləşdirilib.