Bakıda 90 yaşlı qadına işgəncə verilməsi araşdırılır - VİDEO - YENİLƏNİB

Bakıda 90 yaşlı ananın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qoyulduğu videonu 44 günlük Vətən Müharibəsi qazisi Ziya Abbasovun çəkdiyi iddia olunur.
Redaktor.az xəbər verir ki, Polis Şöbəsinə çağırılan Əkbər Abbasov Lent.az-a açıqlamasında videonun oğlu Ziya tərəfindən çəkildiyini və anlaşılmazlıq olduğunu deyib:
“Video oğlum Ziya və yoldaşım Kəmalə tərəfindən çəkilib. Yoldaşımla bacımın münasibəti yaxşı deyil. Bacım Naxçıvanda yaşayır. Bacım yoldaşıma “Anama yaxşı baxmırsan” dediyi üçün yoldaşım videonu çəkib atıb”.
Onun sözlərinə görə, anası hazırda bacısının yanında Naxçıvandadır:
“Video 6-7 ay qabaq çəkilib. Anam Naxçıvandadır, gətirəcəm yanıma. Hazırda münasibət pisləşdiyi üçün videonu qəsdən yayıb”.
***
Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.
Redaktor.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.
Sosial şəbəkə və xəbər portallarında oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı, görüntülər yayılıb.
Dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.Ünvan müəyyən olunub.
Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.
Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bakıda 90 yaşlı qadına oğlu və gəlininin işgəncə verməsi iddiaları araşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, sosial şəbəkədə Bakıda 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi iddiası ilə bağlı görüntülər paylaşılıb.