Mağazalardan 26 telefon oğurlayıb ucuz qiymətə satdılar

 11:09 13.10.2022     295

Şirvanda telefon mağazalarından oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki gün əvvəl şəhər ərazisində yerləşən mobil telefon satışı mağazalarının birindən 11 ədəd mobil telefon, 2 ədəd smart saat, 1 ədəd planşet, eləcə də müxtəlif sayla telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Elbrus Zeynalov və Altay Xeyirxəbərov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər.

Saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər bir cinayətlərinin üstü də açılıb. Araşdırmalar zamanı məlum olub ki, E.Zeynalov və A.Xeyirxəbərov sentyabr ayının əvvəlində də Şirvan şəhəri ərazisində analoji oğurluq hadisəsini törədərək, mağazaların birindən 15 ədəd mobil telefon və 1 ədəd planşet oğurlamaqla zərərçəkmişə 5030 manat maddi ziyan vurublar. Həmin şəxslər hər iki oğurluq hadisəsi zamanı əldə etdikləri qənimətləri isə dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları həmin şəxslərin respublikanın digər bölgələrində də analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin Şirvan ŞPŞ-nə müraciət etmələri xahiş olunur.