Su kəmərində qəza: Bakı-Qazax avtomagistralını su basdı- VİDEO- YENİLƏNİB

 12:23 15.10.2022     1122

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

FHN-dən Redaktor.az-a bildirilib ki, hazırda nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.

Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.

***

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Redaktor.az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:

"Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur".

***

Kür-Bakı magistral su kəmərində qəza baş verib, nəticədə Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib. 

“Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür”, - deyə “Azərsu” ASC-dən bildirilib.

***

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində avtomobil yolunu su basıb.

Redaktor.az xəbər verir ki, subasma nəticəsində nəqliyyatın hərəkəti çətinləşib.

Hazırda yol polisi əməkdaşları tıxacın aradan qaldırılması istiqamətində işlər görürlər.

222