Evlərdən silsilə oğurluq edənlər SAXLANILDI

 23:55 17.10.2022     225

Şəmkir rayonunda evlərdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Redaktor.az xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qədim Qala kəndindəki evlərin birindən 50 manat pul və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov saxlanılıb.

Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun həmyerlisi, əvvəllər məhkum olunmuş F.Torçiyevlə birgə daha bir evdən 12 000 manat pul, digər evdən isə 143 manat pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və içərisində bank kartı olan cüzdan oğurlaması, həmçinin həmyerlisi olan, əvvəllər məhkum olunmuş X.Qarayev və E.Zeynalovla birgə daha bir evdən 136 ədəd özəlləşdirmə çeki, digər evdən 30 manat pul oğurlaması da müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində F.Torçiyev, X.Qarayev və E.Zeynalov da polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.