Bakıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın edildi

 11:12 19.10.2022     492

Bakıda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə oktyabrın 17-də saat 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxsin orada operator işləyən Bakı şəhər sakini O.Əsədzadəni bıçaqla hədələyib 250 manatını alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.