Saxta bal hazırlayan sex AŞKARLANDI

 17:05 02.11.2022     164

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta bal məhsulunun istehsalını dayandırıb.

Bu barədə Redaktor.az-a AQTA-dan məlumat verilib.

Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsi, döngə 1, ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arif Oruc oğlu İsmayılova məxsus balın qablaşdırılması müəssisəsində planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə istehlak müddəti bitmiş, üzərində qablaşdırma barədə məlumatlar olmayan, eləcə də qablaşdırılması Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Sabir küçəsindəki müvafiq ünvanda həyata keçirildiyi halda, markalanmasında qablaşdırılma yeri kimi Daşkəsən rayonu, Bayan kəndi qeyd edilən 1118.7 kq bal məhsulu aşkarlanıb. Müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı müəyyən edilib.

Yoxlama çərçivəsində müəssisədəki baldan nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticələrinə əsasən, məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkarlanıb.

Müəssisədə qeydə alınan nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq, inzibati xəta haqqında protokol tərtib edilib. İstehlak müddəti bitmiş, markalanması və sınaq nəticələri normativ texniki sənədlərin tələblərinə uyğun olmayan müxtəlif partiya bal məhsullarının satışının qadağan edilməsi, eləcə də bal məhsulunun istehsalının (emalı və qablaşdırılması) dayandırılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.