Azərbaycanda 14 yaşlı qız ərə verilir - YENİLƏNİB
Göyçayda yeniyetmə qıza toy mərasimi keçirilməsi ilə bağlı məsələ dərhal nəzarətə götürülüb.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.
"Yeniyetmənin valideynləri polis şöbəsinə dəvət olunub, izahatları alınıb və qanunvericiliyin tələbləri izah edilib. Onlar ifadələrində qızlarına nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Sabaha keçirilməsi nəzərdə tutulan həmin mərasimin qarşısı alınıb və rayon polis şöbəsinin təhqiqat bölməsində müvafiq araşdırmalar davam etdirilir", - DİN rəsmisi bildirib.
***
Göyçay rayonunda sabah toyu planlaşdırılan 14 yaşlı qızın valideynləri polis idarəsinə çağırılıblar.
Redaktor.az xəbər verir ki, artıq valideynlərin izahatı alınır.
Qeyd edək ki, 14 yaşlı qız ötən tədris ilinin sonunda məktəbdən çıxarılıb.
Hazırda araşdırmalar davam etdirilir.
***
Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, qız Ağsu rayonundan olan şəxslə evləndirilir:
“Göyçay Rayon İcra Hakimiyyətinə məlumat üçün bildirirəm ki, Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakininin sabah toyudur. Ağsuya ərə verilir. Kəndin icra nümayəndəsi də artıq icarəyə qab-qaşıq verib”.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".
Həmidə İbrahimova













