Yeniyetmə qızı narahat edən şəxs müəyyən edildi

 10:18 05.11.2022     184

Salyanda yeniyetmə qızı narahat edən şəxs müəyyən olunub.

Bu barədə Redaktor.az-a Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov deyib.

Bildirilib ki, sosial şəbəkələrdə Salyan rayonunda kəndlərin birində 42 yaşlı N.N. (ad, soy adı şərti) azyaşlının qısnamaya məruz qalması və polisin etinasızlığı ilə bağlı iddialar yayılıb.

Belə ki, rayon sakini Ə.Q. (ad, soy adı şərti) oktyabrın 30-da DİN-in "102 xidməti"nə zəng edərək 13 yaşlı qızının məktəbdən qayıdan zaman naməlum şəxs tərəfindən qarşısının kəsilməsi və narahat edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar Salyan Rayon Polis Şöbəsində araşdırma aparılıb.

Keçirilən tədbirlər nəticəsində yeniyetməni narahat edənin rayonun Kərimbəyli kənd sakini, ruhu əsəb xəstəsi olan M.Həsənov olması müəyyən edilib.

Sonradan azyaşlının valideyni həmin şəxsi tanıdığından və əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiyindən şikayət və tələbinin olmadığını bildirib.