"Tərtər işi" ilə bağlı 8 nəfərin işi prokurorluğa qaytarılıb

 09:46 11.11.2022     398

"Tərtər işi” ilə bağlı təqsirləndirilən 8 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə zərərçəkmiş şəxslərin vəkili Rəsul Cəfərov məlumat verib.

Vəkil bildirib ki, 7 nəfərin işi Tərtər Hərbi Məhkəməsinə qaytarılsa da sonradan onların da işinə Gəncə Hərbi Məhkəməsində baxılmasına qərar verilib. Ötən gün hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərar əsasən 8 təqsirləndirilən şəxsin işi üzrə icraata xitam verilib, cinayət işi ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 19 nəfərin hər biri barəsindəki hökmlər ləğv olunacaq baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb. Ötən həftə təqsirləndirilən 11 nəfərin də işi ilə bağlı icraata xitam verilib, cinayət işləri ibtidai istintaqa prosesual rəhbərlik edən prokurorluğa qaytarılıb (apa).