Goranboyda hərbi maşın minik avtomobili ilə toqquşdu - Xəsarət alanlar var - YENİLƏNİB
Noyabrın 11-də N nömrəli hərbi hissəyə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 2 hərbi qulluqçumuz yüngül xəsarət alıb.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, avtomobildə olan digər 5 hərbi qulluqçu tibbi müayinədən keçirilib və heç bir xəsarət almadıqlarına görə xidmət yerlərinə qaytarılıb.
***
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.
“QAZ-3308" markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra "VAZ-21099" markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəzaya uğrayan "QAZ 3308"-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanların hamısı hərbçidir.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov faktı təsdiqləyib. Onun sözlərinə görə, qəzaya düşən hərbçilər yüngül xəsarətlər alıb və hospitala müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır (apa).













