Qardaş bacısını mesaja görə öldürübmüş: "Namusumu təmizlədim"

 08:59 15.11.2022     165

Tərtərdə 1982-ci il təvəllüdlü bacısı Leyla Mustafayevanı bıçaqlayaraq qətlə yetirən 1996-cı il təvəllüdlü qardaşa hökm oxunub.

Redaktor.az-ın “qafqazinfo"ya istinadla məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aqil Mustafayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyulun 14-ü, günorta radələrində Tərtər-Şıxarx yolunun kənarında baş verib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bacısını hansı səbəbdən öldürdüyünü açıqlayıb. O bildirib ki, buna Leylanın telefonuna intim məzmunlu mesajların gəlməsi səbəb olub. Belə ki, Leyla işə gedən zaman telefonunu evdə unudub. Bu zaman Aqil Leylanın vatsapına baxıb və həmin mesajları göüb. 

Bundan sonra Aqil “namusumu təmizləyəcəm” düşüncəsi ilə bazara yollanıb və bacısının qətlində istifadə etdiyi bıçağı alıb. O, daha sonra uşağın xəstələnməsi bəhanəsi ilə Leylanın iş yerinə gedib və onu evə gətirmək üçün avtomobilə əyləşdirib. Tərtər-Şıxarx yolunun kənarından isə maşını saxlayıb, həmin mesajların kim tərəfindən yazıldığını soruşub. Bacının bu məqamda Aqildən nəyə görə telefonunu qurdalamasının səbəbini soruşması qardaşı daha da özündən çıxarıb və məlum hadisə baş verib.

Hadisədən sonra A.Mustafayev polisə könüllü şəkildə təslim olub. O, valideynlərinə də, polisə də Leylanın öldürməsinin səbəbini “namusumu təmizlədim” deyərək izah edib.

Qeyd edək ki, L.Mustafayeva iki uşaq anası olub. O, bir neçə il öncə həyat yoldaşından boşanıbmış.