Sevinc Bədəlova həbs edildi

 19:09 16.11.2022     210

Bakıda münasibətdə olan kişiyə qarşı yarım milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Sevinc Bədəlovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Sevinc Bədəlova 6 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, iş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində iştirak edir.

Qadın A.Mirzəyevin yaşadığı binanın yaxınlığındakı gözəllik salonunda çalışıb. Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib.

İttihama əsasən, S.Bədəlova A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. Qadın bildirib ki, o əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A. Mirzəyevdən 434 min manat pul alıb.

Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə Sevinc Bədəlova saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.