Turnir iştirakçıları zala daxil olarkən yoxlanılmayıb - Nazirlikdən ölümlə bitən dava barədə AÇIQLAMA

 18:08 30.11.2022     423

Xəbər verdiyimiz kimi, Şağanda idman arenasında gənclər arasında dava olub. Hadisə nəticəsində Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmov 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov tərəfindən bıçaqlanaraq öldürülüb. 

R.Səfixanovun Şağan Olimpiya Kompleksinə necə bıçaq keçirməsi isə sosial mediada müzakirələrə səbəb olub. İstifadəçilər təhlükəsizlik yoxlamalarının aparılmadığından şikayətləniblər.

Maraqlıdır, həqiqətən də, Olimpiya Kompleksinə girişdə təhlükəsizlik yoxlaması aparılmayıb? Həmin kompleksdə yoxlama - rentgen aparatı varmı?

Gənclər və İdman Nazirliyindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Şağan Olimpiya Kompleksində yoxlama - rentgen aparatı yoxdur.

“Məlumat üçün nəzərinizə çatdıraq ki, Şəhid Sübhan Abdulrəhmanlının xatirəsinə həsr olunmuş cüdo turnirini “Arifoğlu” cüdo klubu kompleksdə icarə əsasında təşkil edib. Turnir iştirakçılarının zala daxil olarkən üzərlərinin və çantalarının yoxlanılması olmayıb”, - deyə məlumatda qeyd olunub.

Nərmin VÜQARQIZI