“YAŞAT” Fondundan “HB Güven”də ayağı yandırılan qazi ilə bağlı AÇIQLAMA

 18:52 30.11.2022     349

Xəbər verdiyimiz kimi, Bakıda qazi Hüseynov Ülvi Məsum oğlu Bakıda “HB Güven” klinikasında ayağı amputasiya olunarkən digər ayağı da yandırılıb. 

İddiaya görə, əməliyyatda qanın qarşısını almaq üçün istifadə olunan cihaz partlayıb və qazinin ayağını yandırıb. Bunun nəticəsində Ü.Hüseynovun bir barmağı da amputasiya olunub.

Qeyd edək ki, Ülvi Hüseynov ötən ilin aprelində “YAŞAT” fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər sırasında idi.

Fonddan Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Ülvi Hüseynov üçün Fondun büdcəsindən bu günədək ümumilikdə 67 470.36 AZN vəsait xərclənib.

“Qazi Hüseynov Ülvi Məsum oğlunun “YAŞAT” Fonduna müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə daxil olan müraciəti əsasında, o Türkiyə Respublikasına göndərilib. Ölkə xaricindəki 32 913.69 AZN dəyərindəki tibbi xərci Fond tərəfindən qarşılanıb. Şəxsin ölkə daxilində müxtəlif tibb müəssisələrində müalicə, əməliyyat, dərman vasitələrinin alınması və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 34 556.67 AZN dəyərində vəsait ayrılıb”, - deyə məlumatda qeyd edilib.

Nərmin VÜQARQIZI