Sabiq MTN generalı məhkəmədə hakimə etiraz etdi
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və onunla birgə azadlıqdan məhrum edilmiş istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı başlayıb.
Redaktor.az APA-ya istinadla bildirir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılan iş üzrə ilkin baxış iclasında ittiham olunan şəxsin anket məlumatları və apellyasiya şikayətlərinin dəlilləri dəqiqləşdirilib.
İclasda Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov vəsatət qaldıraraq prosesə sədrlik edən hakim İlqar Murquzova etiraz verib.
Vəsatət işi araşdıran hakimin oğlunun bu işi aparan Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı olması ilə əsaslandırılıb.
Mövlam Şıxəliyev vəsatəti müdafiə edib.
Məhkəmə vəsatəti rədd edib.
Prosesdə saat 15:30-a kimi fasilə elan olunub.













