SON DƏQİQƏ: DSX-nin Akademiyasının binası yanır - YENİLƏNİB - FOTO

 18:48 06.12.2022     432

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir. 

Bu barədə Redaktor.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 kvadratmetrlik hissəsinə ziyan dəyib.

18:21

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında baş verən yanğın məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərə görə, bu gün saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Dövlət Sərhəd Xidməti DSX Akademiyasının binasında baş verən yanğın barədə məlumat yayıb.

DSX Mətbuat Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, dekabrın 6-da saat 16:40-da Akademiyanın əsas korpusunda yanğın hadisəsi baş verib.

Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.

Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb.

Akademiyanın şəxsi heyəti arasında xəsarət alan yoxdur.

Hadisənin baş vermə səbəbləri aidiyyətı qurumlar tərəfindən araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasındakı yanğında 14 nəfər tüstüdən zəhərlənib.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

Hazırda hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

***

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının binası yanır.

Redaktor.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri aparılır (report).

22