Müəllimlər Bakı-Quba yolunda qəzaya düşüb, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

 15:20 13.12.2022     330

Bakı-Quba yolunda baş verən hadisə ilə əlaqədar 3 nəfərin (hər biri qadın olmaqla) müalicəsinə TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzində davam edilir. Onların vəziyyəti hazırda orta ağırdır.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 1 nəfər isə ( kişi olmaqla) Sumqayıt Tibb Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, xəsarət alanların diaqnozları əsasən döş qəfəsinin küt travması, kürəyin küt travması, sınıqlar, cırılmış yaralar olub.

Xatırladaq ki, hadisə nəticəsində bir nəfər (kişi olmaqla) yerində, bir nəfər (kişi olmaqla) isə xəstəxanada dünyasını dəyişib.

***

Bu gün səhər saatlarında Bakı-Quba yolunda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

Redaktor.az verir ki, minik avtomobilinin sürücüsü, 1951-ci il təvəllüdlü Abdulov Abdul Rəsul oğlu xəstəxanada keçinib.

Qəza nəticəsində mikroavtobusda olan Elvin adlı sərnişin də ölüb.

1978-ci il təvəllüdlü Aynurə Abbasova, 1978-ci il təvəllüdlü Səriyyə Haşımova, 1995-ci il təvəllüdlü Sübhanı Talıblı və 1998-ci il təvəllüdlü Şəhriyar Musayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Xızının Giləzi qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla minik maşınının toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, 5 nəfər ağır xəsarətlə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.