Kəlbəcərdə 8 nəfər minaya düşdü - Hərbçimiz həlak oldu - YENİLƏNİB
Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub.
Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə nazirliyinin yaydığı məlumatda deyilir.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - deyə nazirlikdən bildirilib.
***
Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Redaktor.az-ın məlumatına görə, aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.
Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
***
Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.
Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
"Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib.













