Metroda dava düşdü - VİDEO
Bakı Metropoliteninin "28 May" stansiyasında eskalatorların dayanması nəticəsində sıxlıq yaranıb.
Bu zaman metropolitenn əməkdaşları və sərnişinlər arasında yaranan mübahisə davaya çevrilib.
Redaktor.az-ın müxbirinin hadisə yerindən əldə etdiyi görüntülərdə metropolitenin əməkdaşının sərnişini təhqir etdiyi onu dalaşmaq üçün kənara çağırdığı görünür.
Məsələyə münasibət bildirən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da hadisənin baş verdiyini təsdiqlədi və əlavə etdi ki, bu gün sərnişinlərin sayında xeyli artım olduğu üçün stansiyaların əksəriyyətində sıxlıq müşahidə olunub. Və bu da sərnişinlər üçün narhatlıq yaradıb.
"İş günlərində gur saatlarda Bakı metropoliteninin bir stansiyalarında xüsusi sıxlıq müşahidə olunur. Bu müddətdə həmin stansiyalarda gücləndirilmiş nəzarət mexanizmləri tətbiq edilir",- deyən B.Məmmədov qeyd etdi ki, bu, stansiyalarda sərnişinlərin hərəkət təhlükəsizliyini təmin etmək, xüsusən platforma səviyyəsində ifrat yüklənmənin qarşısını almaq məqsədilə atılan addımdır.
"Bu gün axşam gur saatı vaxtı "28 May" stansiyasında enişə işləyən eskalatorun dayandırılması zərurəti yaranıb. Əsas səbəb yuxarı doğru hərəkət edən eskalatorlardan birinin dayanması olub. Platforma səviyyəsində sıxlığın ifrat həddə çatmasının qarşısını almaq üçün, metropolitendə təhlükəsizlik qaydalarının tələbinə uyğun olaraq, enişə işləyən eskalator da dayandırılıb.
Üzü yuxarı hərəkət edən eskalatorun dayanmasının səbəbi sərnişin müdaxiləsi olduğu müəyyən edilib və təxminən bir dəqiqə ərzində eskalator yenidən işə salınıb. Bu stansiyada müasir tipli eskalatorlar tətbiq olunur. Onların idarəetmə panelində dayanma səbəbi də göstərilir. Məhz təhlükəsizlik açarından istifadə olunması göstərildiyindən daha uzun müddət çəkən texniki baxışa ehtiyac olmayıb",- deyən mətbuat katibi nədənsə metropoliten əməkdaşının sərnişini "duelə" çağırması məsələsinə toxunmayıb.
Nərmin VÜQARQIZI













