Bakıda yaşayış binasında güclü partlayış - ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

 17:48 02.01.2023     800

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəblərini açıqlayıb.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib. 

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

17.14

Binəqədi rayonu, Cavadxan küçəsindəki çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində üç nəfər xəsarət alıb.

Bu barədə Redaktor.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı iki nəfər xəstəxanaya yerləşdirilib, bir nəfərə isə sağ ayağın və başın sıyrılması səbəbilə yerində yardım göstərilib.

Həmçinin, hadisə zamanı bir nəfərin öldüyü bildirilir.

16:28

Bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

16:14

Bakıda yaşayış binasında partlayış olub.

Redaktor.az xəbər verir ki, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

22