Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs cəzalandırıldı - YENİLƏNİB

 14:16 06.01.2023     485

Xəbər verdiyimiz kimi, yanvarın 3-də iki gəncin Milli Konservatoriyanın qarşısında dahi bəstəkar Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atmasını əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılmışdı.

Daxili İşlər Nazirliyinin (DİNP) Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Redaktor.az-a bildirib ki, görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətmiş 21 yaşlı İsmayılov Elvin Elgün oğlu və 17 yaşlı Cəfərov Fərid Fəxrəddin oğlu müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı Elvin İsmayılovun bu il yanvarın 1-də saat 15:40 radələrində sərxoş vəziyyətdə Milli Konservatoriyanın qarşısından keçərkən tanışı Fərid Cəfərovla zarafat etmək məqsədilə ona məxsus torbada olan ayaqqabını heykəl istiqamətində atdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, Fərid Cəfərov cərimə olunub, Elvin İsmayılov isə məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

***

Bakıda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atan şəxs müəyyən olunub.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

O deyib ki, həmin şəxs polis orqanına dəvət olunub və barəsində qanunamüvafiq tədbirlər görülüb.