Naxçıvanda şagird şagirdi öldürdü - YENİLƏNİB

 12:20 07.01.2023     882

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dünən törədilən qətlin təfərrüatları məlum olub.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsinə səbəb həmkəndlisi və həmyaşıdı Rəhman Süleymanovla aralarındakı dava və söyüş olub. Belə ki, R.Süleymanovun çəkdiyi sosial videolara münasibət zamanı tərəflər arasında münaqişə yaranıb. Yaranmış münaqişə zamanı T.Abdullayev kəsici-deşici alətlə qətlə yetirilib.

Qətlə yetirilən Tuncay Abdullayev bu gün səhər Babək rayon Cəhri kəndində dəfn edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

***

Ötən gün Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində qətl olması barədə xəbər vermişdik.

Redaktor.az xəbər verir ki, hadisə qəsəbə ərazisində olan orta məktəbdə baş verib. Buranın şagirdi olan 17 yaşlı Tuncay Abdullayev digər şagird və həmkəndlisi olan Rəhman Süleymanov tərəfindən bıçaqlanıb.

Məlumata görə, qətl məktəbdə tənəffüs zamanı qeydə alınıb.

R. Süleymanov saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb, Araşdırma davam edir (lent.az).