Qusarda ev yandı - Nənə və nəvəsi öldü- YENİLƏNİB

 19:46 14.01.2023     273

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Redaktor.az-a FHN Mətbuat xidmətindən bildirilib.

Yanğın nəticəsində ümumi sahəsi 280 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, evin birinci mərtəbəsində yerləşən odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırır.

***

Qusarda iki nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.

DİN Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında rayonun Yeni Həyat qəsəbəsində sakin Ənvər Əlirzayevə məxsus evdə qeydə alınıb.

Belə ki, səhər saat 8 radələrində yanğın baş verməsi ilə bağlı Qusar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gedərək FHN əməkdaşları ilə birgə yanğının söndürülməsi ilə bağlı tədbirlər görüblər. Yanğının başqa evlərə keçməsinin qarşısı alınıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində Ə.Əlirzayevin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayev və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

İlkin ehtimallara görə, yanğın odun sobasından başlayıb. Araşdırma aparılır.