5 yaşlı qız həkim səhlənkarlığından ölüb? - RƏSMİ

 18:15 23.01.2023     312

Şəkidə 5 yaşlı uşağın həkim səhlənkarlığı nəticəsində öldüyü iddia olunur.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya Şəki Mərkəzi Xəstəxanasında vəfat edən Zəhra Eyvazlının yaxınları məlumat verib.

Azyaşlının dayısı Akif Məmmədovun sözlərinə görə, Zəhra nəfəs çatışmazlığından deyil, tibb bacısının köçürdüyü sistemin əks təsirindən dünyasını dəyişib: 

“Həmin gün xəstəxanada həkim tapılmadığı üçün Zəhraya tibb bacısı sistem köçürdü. Evə qayıdandan sonra uşağın temperaturu yüksəldi, qanında parçalanma yarandı. İlkin rəy veriblər ki, uşaq nəfəs çatışmazlığından vəfat edib. Biz hesab edirik ki, ölümə səbəb tibb bacısının köçürdüyü sistem olub. Həmin vaxt xəstəxanada həkim olsaydı, bəlkə də belə olmazdı”.

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, qeyd olunan faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

TƏBİB-dən verilən açıqlamaya görə, 2018-ci il təvəllüdlü Eyvazlı Zəhra Tariel qızı yanvarın 20-si saat 12:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib:

"Yerləşdiriləndə hərarəti yüksək (40.3 dərəcə) olub. Zəruri tibbi xidmətlər göstərilib. Saat 13:30 radələrində ambulator müalicə üçün evə buraxılıb. Evə buraxılanda hərarəti 37.8 dərəcə olub. Həmin gün saat 15:15-də yenidən tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Gətirilərkən Z.Eyvazlı aqonal vəziyyətdə olub, tənəffüs çatışmazlığı müşahidə edilib. Temperaturu 35 dərəcə olan pasiyentdə nəbz və təzyiq izlənməyib. Həkimlərin səyinə baxmayaraq, 15:50 radələrində dünyasını dəyişib. Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır".