Bakıda qadın çarpayını sındıran ərini öldürdü: "Özümü bağışlamayacam"
2022-ci il yanvarın 30-da Suraxanı rayonu Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsindəki mənzillərin birində 1990-cı il təvəllüdlü Elşən Hadızadə bıçaqlanaraq, öldürülür. Dərhal polis və prokurorluq əməkdaşları faktla əlaqədar hadisə yerinə baxış keçirirlər. Qətlin törədildiyi evdən bir ədəd məişət təyinatlı bıçaq götürülür.
Polis əməkdaşlarının əməliyyat tədbirləri ilə şübhəli şəxs qismində mərhumun arvadı, Laçın şəhərində anadan olan 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə saxlanılır.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Redaktor.az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, yanvarın 29-da Elşən Hadızadə təpiklə uşağın beşiyini vurub, sındırıb. Səhərisi gün beşiyin təmir etdirilməsi ilə əlaqədar aralarında baş vermiş münaqişə zamanı Gülnar Vəlizadə əri tərəfindən döyülüb. Bundan sonra qadın çarpayının altındaкı qabın içindən bıçaq götürərək, Elşən Hadızadənin sinəsinə bir dəfə zərbə endirib. Sonra əməlindən peşman olub, bir neçə dəfə Təcili Tibbi Yardım stansiyasına zəng etsə də, yoldaşı buna etiraz edərək, yardımdan imtina edib. Hadisədən təxminən 4 saat sonra 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılan zərərçəkmiş həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
İş üzrə dindirilmiş Gülnar Vəlizadə bildirib ki, Elşən Hadızadə ilə Azərbaycan Texniki Universitetində təhsil alarkən tanış olub. Bir-birlərini sevib 2014-cü ildə ailə qurublar:
“2015- və 2018-ci illərdə iki övladımız dünyaya gəldi. Uzun müddət kirayədə və atamın himayəsində yaşadıq, maddi çətinliklər çəkdik. Elşənin valideynlərinin maddi dəstəyi ilə Hövsan qəsəbəsində ev aldıq. Ev bir otaqdan, mətbəx və hamamdan ibarət idi. Elşən dost-tanışlarından müxtəlif məbləğlərdə borc pul alsa da, sonradan onları qaytara bilmədi. Borc pul verən şəxslər artıq qapıya gəldikdə, əsəbiləşirdim. Aramızda maddi sıxıntılara görə dəfələrlə mübahisələr yaranıb. Məni uşaqların gözü qarşısında döyüb, əlləri ilə boyunumdan tutaraq, boğub. Övladlarım da atalarının bu hərəkətlərindən qorxub. Ailə işlərinə müdaxilə etdiyindən Elşən atamdan işlərinə qarışmamasını tələb etdi. Ərim qəsəbədə fəaliyyət göstərən marketə satıcı kimi işləməyə başlamışdı. Yanvarın 29-da axşam Elşən işdən evə gələndə, uşaqlardan birinə dərs keçirdim. Ərim sakit olmağımızı tələb edəndə, ona “nə edim, uşağa dərs keçirəm də” deyə cavab verdim. Buna görə, dalaşdıq. Yoldaşım mənə əl qaldırdı. Uşağın beşiyini də təpiklə vurub, sındırdı. Ayın 30-u saat 8-də işə gedən Elşən günorta evə gəldi. Dişi ağrıdığı üçün əri çarpayıya uzanıb yatmaq istəsə də, onu uzanmağa qoymadım. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməsini tələb etdim. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında məni döydü. Sağ əli ilə boğazımdan tutub boğdü. Get-gedə nəfəsim kəsilirdi. Bir anda güclə də olsa, Elşənin əlindən çıxdım. Qab-qaşıq yığdığımız qabdan mətbəx bıçağını götürdüm. Sol əlimdə saxladığım bıçaqla Elşənin sinəsinə zərbə endirdim. Qan axmağa başladı, ərim çöməlib yerə oturdu. Qaçaraq, qonşum Leyli Məmmədovadan hidrogen peroksid aldım və onunla birlikdə evə qayıtdım. Leyli Elşənin yarasını perekislə sildi, yod vuraraq pambıq qoydu. Sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzatdıq. Qonşuma Elşənin bıçaqla özünə xəsarət yetirdiyini bildirdim. Çünki, ərim mənə “kim soruşsa deyərsən özüm-özümü vurmuşam, bilsələr sən vurmusan, polislər səni tutacaq” demişdi. Bundan sonra, Leylinin tapşırığı ilə aptekə gedərək, lazımi dərmanlar aldım. O vaxta gədər atam, əmim, həmçinin yoldaşımın Azad adlı dostu da bizə gəldilər. Elşən “bıçağın təsadüfən ona batdığını” bildirəndə, atam “yalan danışmağın yeri yoxdur, polislərə düzünü söyləyəcəyik” dedi”.
“Səs yazısı” protokoluna əsasən, ilk dəfə saat 15:34-də 103 xidmətinə zəng daxil olub və 14 dəqiqədən sonra həmin çağırış ləğv edilib:
“Dəfələrlə telefonu alıb Təcili Tibbi Yardıma zəng etmək istəsəm də, ərim buna imkan vermədi. Növbəti dəfə 103 xidmətinə saat 16:35-də zəng etdim. Yoldaşımın vəziyyəti ağırlaşdığı üçün, saat 17:39-da Təcili Yardım Stansiyasına axırıncı dəfə zəng etdim. Tibbi briqada gələrək, Elşəni xəstəxanaya apardı”.
Gülnar Vəlizadə əlavə edib ki, Elşəni öldürmək məqsədi olmayıb. Bir neçə dəfə aralarında dava baş verəndə, bıçaqla bir neçə dəfə onu qorxudub. Amma həmin gün kəsici alət təsadüfən, özü də bilmədən onun sinəsinə batıb. Əməlindən çox peşmandır, bütün həyatı bir anda dəyişib. Elşənlə bir-birlərini istəyib, evləniblər. Aralarındakı mübahisələrə baxmayaraq, onu sevib. 2 körpə övladı hazırda qayınanasının himayəsindədir. Özünü ölənədək bağışlaya bilməyəcək və əzabla yaşayacaq.
Zərərçəkmiş şəxsin hüquqi varisi Mahirə Hadıyeva ifadəsində göstərib ki, yanvarın 29-da oğlu ilə gəlini arasında olan mübahisədən xəbəri olmayıb:
“Ayın 30-u saat 14 radələrində onlara zəng edəndə, telefona cavab verən Gülnar “Elşənin əlini kəsdiyini” deyərək, dəstəyi oğluma verdi. Nə baş verdiyini soruşanda Elşən ciddi bir şey olmadığını söylədi. Ona “əgər dolana bilmirsiz, gəlin Sabirabadda yaşayın” dedim. Whatsapp vasitəsilə görüntülü əlaqə saxlayanda, gəlinim Elşənin qarnından xəsarət aldığını bildirdi. “Niyə həkim çağırmadıqlarını?” soruşanda, Elşən “həkimlərin polislərə məlumat verəcəklərini” dedi. Saat 17:30-da qudam ərimə zəng edərək, Elşənin halının ağırlaşması və təcili yardım briqadasının onu xəstəxanaya aparması barədə məlumat verdi. Rayondan xəstəxanaya gəlib çatanadək oğlum dünyasını dəyişdi”.
Şahid Azad Əsədov bildirib ki, yanvarın 30-da dostu Elşən Hadızadə ona zəng edərək, yıxılıb əzildiyini və onlara gəlməsini deyib:
“Evə daxil olanda Elşənin çarpayıda, üzü yuxarı vəziyyətdə uzandığını gördüm. Gülnardan nə baş verdiyini soruşanda, qadın həyətlərində iş görən zaman ərinin yıxıldığını və əlindəki bıçağın sinəsinə batdığını bildirdi. Köynəyini qaldıraraq, yarasını göstərdi. Dərhal təcili yardım çağırmaq lazım olduğunu bildirsəm də, Elşən buna ehtiyac olmadığını söylədi. Bir neçə saatdan sonra Gülnarın atası və əmisi gələrək, Elşənə “tərslik etməməsini” və təcili yardım çağırmasını dedilər. Dostum ayağa qalxdı, məni kənara çəkərək, Gülnar tərəfindən bıçaqlandığını dedi. Sonra dostlarımla çay içmək üçün, Elşəngildən çıxdım. Saat 22 radələrində zəng əsasında 30-cu Polis Şöbəsinə gələndə dostumun atası oğlunun öldüyünü dedi”.
Məhkəmə iclasında Gülnar Vəlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini, övladlarına tez qovuşa bilməsi üçün ona mümkün qədər ən yungül cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi hadisə nəticəsində oğlunu itirdiyini bildirərək, gəlininə ağır cəza verilməsini istəyib.
Məhkəmə qənaətə gəlib ki, Gülnar Vəlizadənin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnar Vəlizadə 9 il müddətinə azadlıqdan məhrum olunub.