Abşeronda yaşayış evi PARTLADI
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Görədil kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Redaktor.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaşa məxsus fərdi yaşayış evinin həyətində ümumi sahəsi 360 m² olan ikimərtəbəli köməkçi tikilinin birinci mərtəbəsində yerləşən mətbəxində ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə edilməyən partlayış baş verib.
Hadisə nəticəsində mətbəxin qapı-pəncərəsi çərçivədən çıxıb, lambirdən ibarət tavanı dağılıb. Partlayış dalğasının təsirindən yaxınlıqda olan ikimərtəbəli evin pəncərə şüşələri sınıb.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.