FHN əhaliyə müraciət etdi - VİDEO

 14:08 26.01.2023     526

Fövqəladə Hallar Nazirliyi odsöndürücü balonlardan düzgün istifadə qaydalarına dair əhaliyə müraciət edib.

Redaktor.az xəbər verir ki, müraciətdə deyilir:

Yanğın baş verərkən ilkin mərhələdə əlaltında olan vasitələrlə onu söndürməklə və ya genişlənmə riskini azaltmaqla daha böyük faciələrin qarşısını almaq mümkündür. Belə vasitələrin ən effektlisi odsöndürücü balonlardır. Təəssüflə bildiririk ki, ilk baxışdan sadə istismar qaydalarına malik odsöndürücü balonlardan bəzən düzgün istifadə edilməməsi və ya balonların növlərindən asılı olaraq təyinatı üzrə tətbiq edilməməsi onların səmərəliliyini azaldır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək yanğınlar zamanı odsöndürücü balonlardan istifadəyə dair aşağıdakı mühüm tələblərin nəzərə alınmasını tövsiyə edir:

- odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış olmaqla həmin balonun hansı yanğınlarda istifadə edildiyini bilmək lazımdır:

- quru kimyəvi tozlu və ya qazla işləyən balonlardan bütün növ yanğınların söndürülməsində;

- tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində;

- köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması zamanı istifadə edilir.

- balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır;

- istifadə zamanı balondan xarakterik səs eşidilir.

Odsöndürücü balondan istifadə etmək üçün:

- onun üstündəki plastik möhürü qırın;

- balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın;

- təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin;

- dəstəyi yavaş-yavaş sıxın;

- lüləni yuxarı-aşağı, sağa-sola hərəkət etdirərək, alovu tam söndürün.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”yə zəng edin!