DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanıldı

 11:27 01.02.2023     438

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

Redaktor.az xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.