Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçıb?
Bloqer Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir.
Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, onun bir müddət öncə qəza törədərək hadisə yerindən qaçdığı bildirilir.
Belə ki, S.Kətanova özünə məxsus “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloqer hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb.
Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və S.Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. F.Quliyev iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
Məsələ ilə bağlı S.Kətanovanın da mövqeyini öyrənmək üçün özü ilə əlaqə yaratmaq istəsək də, zənglərimizi açmadı.
Xatırladaq ki, bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi. Vəkilə 8 il həbs cəzası verilmişdi.
Qeyd edək ki, S.Kətanova instaqramda bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.