Ofisə basqın edən polisin qardaşı barəsində qərar açıqlandı

 11:20 08.02.2023     422

Bakının Nərimanov rayonunda yerləşən ofislərdən birinə basqın edilməsi ilə bağlı cinayət işi başlanılıb.

Redaktor.az xəbər verir ki, ofisə basqın edərək sahibkarı döyən Samir Qarayev barəsində Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi açılıb. Samir Qarayev təqsirləndirilən şəxs qismində tanınaraq, barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsi təqsirləndirilən şəxsin sabit yaşayış yerinin olmasını və digər əsasları nəzərə alaraq həbs qətimkan tədbirinə ehtiyac görməyib. Qərara əsasən, Samir Qarayev barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Məlumata görə, Samir Qarayev idmançı dostu ilə birgə ofisə daxil olaraq sahibkarla mübahisə edib. Mübahisə zamanı Samir Qarayev dəmir çayniklə sahibkara xəsarət yetirib.

Ofis sahibi xəstəxanaya yerləşdirilib, aldığı xəsarətlərin dərəcəsini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib. Samir Qarayevlə birgə ofisə basqın edən dostunun əməlində isə cinayət müəyyən olunmayıb.

Qeyd edək ki, təqsirləndirilən Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.