Şəmsiyyə Bəylərqızı yenə dələduzluqda ittiham olunur

 12:18 09.02.2023     462

Yazıçı Şəmsiyyə Bəylərqızı (Rzayeva) barəsində cinayət işi başlanıb.

Redaktor.az xəbər verir ki, "Qafqazinfo”nun məlumatına görə, o, qohumu Sadiq Hüseynova qarşı 50 000 manatlıq dələduzluqda ittiham olunur.

Belə ki, S.Hüseynovun müraciəti əsasında Xətai Rayon Polis İdarəsində araşdırma aparılıb. Araşdırmalardan sonra Ş.Bəylərqızı barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (dələduzluq) ilə cinayət işi başlanıb.

İttihama görə, o, qohumu Sadiq Hüseynovu nüfuzlu dövlət qurumunda tikintilərə nəzarət komissiyasının üzvü vəzifəsinə işə düzəltdirəcəyinə vəd verib. Vədin qarşılığında ondan 35 000 manat pul alıb. Hadisə ötən ilin mayında baş verib. 1 ay sonra isə lombarddan aşağı faizlə borc götürüb vermək imkanına malik olduğunu deyərək S.Hüseynovun daha 15 000 manat dəyərindəki qızıl-zinət əşyalarını ələ keçirib.

Xətai RPİ-də aparılan istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycan və Rusiya Yazıçılar Birliyinin üzvü olan Şəmsiyyə Bəylərqızı vaxtilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin həyat yoldaşı olub. Bir müddət sonra səfir arvadını onun 741 min dollarını mənimsəməkdə günahlandırıb. Ş.Bəylərqızı bu ittihamla 10 il müddətə azadlıqdan məhrum edilib. 2019-cu ildə əfv olunaraq azadlığa çıxıb.