Müstəntiq rüşvətə görə həbs edildi - FOTO

 11:25 16.02.2023     309

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.

Redaktor.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir. İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova müraciət edərək adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.

Aparılan araşdırmalardan sonra müstəntiq barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi.