Bakı-Quba yolunda qəzada ölənlərin sayı artdı - YENİLƏNİB

 11:20 17.02.2023     841

Siyəzəndə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, qəza nəticəsində Bakı şəhər sakini İsmayılova Aygün Eldar qızı, Sumqayıt şəhər sakini Vəliyeva Aygün Vidadi qızı və "Opel Astra" markalı avtomobilin sürücüsü, Siyəzən şəhər sakini Hümbətova Qənimət Əlisahib qızı dünyasını dəyişib. 

***

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin kimliyi məlum olub.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü Xəlilova Çinarə Cavanşir qızı, 1997-ci ildə anadan olmuş Hümbətov İftixar Çingiz oğlu, 1996-cı il təvəllüdlü Abbasova Səbinə Əliyar qızı, 1992-ci il təvəllüdlü Rəsulova Səbinə Akif qızı, 1999-cu ildə anadan olmuş İmanov Kənan Vazi oğlu, 1984-cü il təvəllüdlü Abdullayev Vüqar Məhəmməd oğlu və 1978-ci il təvəllüdlü Mustafayeva Xanım Nemət qızı müxtəlif dərəcəli bədən xəsarəti alıblar. 

Qəza nəticəsində ölən və yaralanan şəxslər, Bakı və Sumqayıt səhərindən Siyəzən kəndlərində dərs demək üçün gələn müəllimlər olduqları bildirilir.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. 

***

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3-ə çatıb.

Redaktor.az-a TƏBİB-dən bildirilib ki, qəzada xəsarət almış 8 nəfər Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib:

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir".

***

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu kilometrliyində Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Redaktor.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, "Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı mikroavtobus Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün səhər saatlarında Bakı-Quba yolunda ağır qəza olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, magistralın Siyəzən rayonundan keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla “Opel” markalı minik avtomobili toqquşub. 

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 7 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.